Bakıda Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb.
Kəmnd Təsərrüfatı Nazirliyindən FED.az-a daxil olan məlumata görə, yarmarkalar paytaxtın 14 məntəqəsində keçirilir.
Yarmarkalara Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlər öz məhsullarını çıxarıblar. Yasamal, Nizami, Xəzər və Səbayel rayonlarında yarmarkalar Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.
Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Nizami və Səbayel rayonlarında keçirilən yarmarkaların fəaliyyəti ilə tanış olub, fermerlərlə görüşüb, qiymətlərlə maraqlanıb.
Jurnalistlərə açıqlama verən İnam Kərimov bildirib ki, Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsində məqsəd bazarda məhsul bolluğu yaratmaqdır:
“Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyimiz yarmarkalar “Kənddən Şəhərə” brendi altında təşkil olunur. Bu yarmarkaların əsas xüsusiyyəti odur ki, fermerlər öz məhsullarını vasitəçi olmadan, birbaşa alıcılara təqdim edirlər. Yarmarkaya məhsul çıxaran fermerlər vahid geyim formasından istifadə edir. Burada sanitar-gigiyenik normalara ciddi əməl olunur. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirlər. Hesab edirik ki, bu cür yarmarkaların təşkili nəticəsində həm bolluq olacaq, həm fermerlər öz məhsullarını satmaq üçün yeni imkan əldə edəcək, həm də alıcılar keyfiyyətli məhsulları daha ucuz almaq imkanı qazanacaqlar”.
Qeyd edək ki, bu gündən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfat məhsullarının satış-yarmarkaları keçiriləcək. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək davam edəcək.