Azərbaycanda heyvandarlıqda məhsuldarlıq artımı mexaniki artım hesabına deyil, səmərəlilik hesabına təmin ediləcək.
İnək və qoyunların erkən yaş və aşağı çəkidə kəsilməsi qanunvericiliklə tənzimlənəcək
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, heyvandarlıq regionun kənd təsərrüfatında mühüm yer tutur: "İribuynuzlu heyvandarlıqda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, yem bazasının gücləndirilməsi və intensiv təsərrüfat modellərinin genişləndirilməsi əsas prioritetlərdəndir. 2030-cu ilə qədər ölkə üzrə süd istehsalının 10 %, mal əti istehsalının isə 20 %-dən çox artırılması nəzərdə tutulur. Bu nəticələrə heyvan sayının yalnız mexaniki artırılması hesabına deyil, hər heyvan üzrə məhsuldarlığın yüksəldilməsi hesabına nail olunmalıdır".
S. Səfərli bildirib ki, südlük və ətlik istiqamətli müasir təsərrüfatların yaradılması, sağım, soyutma və yemləmə proseslərinin mexanikləşdirilməsi, damazlıq işinin gücləndirilməsi və heyvanların identifikasiyası sisteminin tətbiqi əsas istiqamətlərdəndir: "Süd toplama məntəqələrinin yaradılması kiçik və orta fermerlərin istehsal etdiyi südün keyfiyyətinin qorunmasına, onun emal müəssisələrinə vaxtında çatdırılmasına və satış imkanlarının genişləndirilməsinə şərait yaradacaq".
O qeyd edib ki, regionda qoyunçuluğun inkişafı üçün də geniş imkanlar mövcuddur: "Ənənəvi təsərrüfatlar mərhələli şəkildə yarımintensiv istehsal modelinə keçməli, ana qoyunların məhsuldarlığı, quzuların yaşama faizi və ət çıxımı artırılmalıdır. Örüş və otlaq sahələrində növbəli otarma sistemi tətbiq edilməli, otlaq yükü ərazinin faktiki potensialına uyğunlaşdırılmalı, deqradasiyaya uğramış sahələrin bərpası həyata keçirilməlidir". (Report)














