Hazırda Azərbaycanda kənd təsərrüfatı üçün ayrılan kreditlərin şərtləri fermerlərin əksəriyyəti üçün əlverişli deyil.
Eləcə də bax: Rüfət Quliyev: “Fermerlər krediti alınca məhsul mövsümü bitir”
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən 2-ci «Aqrobiznes Forumu»nda kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Nazir müavini bildirib ki, hazırda dövlətin maliyyə vəsaiti hesabına - AKİA və Sahibkarlığın İnkişafı Fondu vasitəsilə müvəkkil kredit təşkilatları üzərindən kənd təsərrüfatı sektoruna güzəştli kreditlər verilir.
Eyni zamanda son illər aqrar sahəyə investisiya qoyuluşu xüsusilə qeyri-dövlət mənbələri hesabına artıb, nəticədə bu sahəyə investisiya qoyuluşunda qeyri-dövlət mənbələrinin payı dövlət sektorunun payını üstələyib.
Bununla belə, nazir müavini qeyd edib ki, mövcud kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün müxtəlif səbəblərə görə əlverişli deyil. «Aqrar-emal sahələrinə ayrılan kreditlərin əsas hissəsini dövlət büdcəsi hesabına verilən güzəştli kreditlər təşkil edir ki, bu da əsas etibarilə investisiya təyinatlı məqsədlərə yönəldilir. Bunun müqabilində kənd təsərrüfatı məhsulları istehsalçılarının öz fəaliyyətlərini aqrotexniki normalara uyğun aparmaları üçün böyük həcmdə dövriyyə vəsaitlərinə ehtiyac var».
Nazir müavini qeyd edib ki, aqrar sahə Azərbaycan üçün cari və gələcək dövr üzrə prioritet hesab olunur.
«Qeyd olunan amilləri bank və bank olmayan kredit təşkilatları nəzərə alaraq, müvafiq sahənin maliyyələşməsində dövlətin vəsaitləri ilə yanaşı birbaşa daxili investisiyaları ilə də innovativ kredit alətləri tətbiq edərək fəal iştirak etməlidir»-dey İlhamə Qədimova bildirib.
Onun sözlərinə görə, bu həm fermerlərin maliyyə çıxış imkanlarını artıracaq, o cümlədən geri ödəmələr hesabına kredit təşkilatlarının gəlirini yüksəldəcək, ümumilikdə isə davamlı iqtisadi fəallığı təmin edəcəkdir.
«Bunun üçün dövlət sektoru ilə yanaşı özəl sektoru, xüsusilə bank və bank olmayan kredit təşkilatlarını prosesdə fəal iştirak etməyə çağırırıq»-deyə nazir müavini bildirib.