"Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişaf etdirilməli sahələri müəyyənləşdiriləcək, həmin sahələr üzrə ehtiyacların diaqnostikası aparılacaq və diaqnostika əsasında dəstək tədbirləri müəyyənləşdiriləcək, bitkiçilik, bağçılıq, bostançılıq, heyvandarlıq, arıçılıq sahələrinin inkişaf etdirilməsi, üzümçülük ənənələri nəzərə alınmaqla üzümçülük və şərabçılıq istiqamətində tədbirlər həyata keçiriləcək, mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi yolu ilə bu sahələrdə məhsul istehsalının artımına nail olunacaqdır".
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 5 illik - Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb
Qeyd edilib ki, bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdiriləcək, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi diqqətdə saxlanılacaq, kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən meyvə qurularının istehsalı sahəsi dəstəklənəcək və ixrac imkanları genişləndiriləcəkdir. Bununla yanaşı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdiriləcək, aqroparkların yaradılması təşviq olunacaq, kənd təsərrüfatının istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması ilə müvafiq istehsal vasitələrinə əlçatanlıq səviyyəsi artırılacaq, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə məsləhət və təlim xidmətləri təşkil olunacaqdır.