Sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.
FED.az xəbər verir ki, bir neçə gündür rayonun sitrus bağlarında narıngi yığımına başlanılıb.
Eləcə də bax: Azərbaycan Rusiyaya hallabong meyvəsi - SATIR – KOREYADAN GƏTİRİLİR
Ötən il rayonda 1169,6 hektar məhsuldar naringi bağlarından 32 min tona yaxın məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 272,9 sentner olub.
Cari ildə rayonda 353,5 hektara yaxın yeni narıngi bağları salınıb. Bağlardan 40 min ton məhsulun yığılması proqnozlaşdırılır.
Sahələrdən hələlik yalnız narınginin tezyetişən “Karli” növü yığılır. Kütləvi məhsul yığımına isə noyabr ayında başlanılacaq.
Bazarlarda narınginin satış qiyməti ötən ilə nisbətən ucuzlaşıb. Ötən il bir kiloqramı 2 manata satılan narıngi bu il 1 manat 50 qəpik - 1 manata satılır.
Torpaq mülkiyyətçiləri yetişdirdikləri narıngini ölkənin daxili bazarlarında satılmasına daha çox üstünlük verirlər. Onlar bunu məhsulun az olması və Rusiyanın gömrük məntəqələrində rüsumların qaldırması ilə əlaqələndirirlər.