Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən ölkədə narçılığın inkişafı ilə bağlı təkliflər hazırlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət ünvanlanıb və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən müvafiq işçi qrupu yaradılıb.
"Nar meyvəsinin Azərbaycan kənd təsərrüfatı, xüsusilə də qeyri-neft sektorunun inkişafı üçün əlavə töhfə verəcəyini rəsmi tədqiqat vasitəsilə təşkil edib, Kənd Təsərrüfatı Nazirliyinə və İqtisadiyyat Nazirliyinə yaxın aylarda təqdim olunacaq. Ümid edirəm, KOBİA-nın dəstəyi ilə bu layihə qənaətbəxş sayılacaq və biz narçılıq sahəsində 10 min hektara yaxın ərazidə müasir və innovativ üsullarla yeni bağların salınmasına və yaxud da təmin edilməsinə nail ola biləcəyik", - deyə F. Qaraşov qeyd edib.
Assosiasiya sədrinin fikrincə, narçılıq sahəsinin məhsuldarlığı yaxın 5 ilə ölkə iqtisadiyyatına təqribən 200-250 mln. ABŞ dolları məbləğində valyuta axınını təmin edə bilər.
"Bununla yanaşı, təxminən dövriyyəsi 150 mln. dollara yaxın olan logistika, qablaşdırma sənayesi, dərman, gübrə, pestisid dövriyyəsi olan köməkçi sahələr yaranacaq ki, bu da 15 minə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verəcək", - deyə F. Qaraşov əlavə edib.