Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində nar bağlarının sığortasına başlanılıb.
FED.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, ölkədə nar bağlarının əkin sahəsi, illik istehsalı və məhsuldarlıq ildən-ilə artır. Proqnozlara görə, bu il nar ixracından əldə olunan qazancın təxminən 30 faiz artacağı gözlənilir.
2024-cü ildə nar bağlarının ümumi əkin sahəsi 23 301 hektar təşkil edib, bunun 4673 hektarı intensiv bağlardır. Əvvəlki illə müqayisədə nar bağlarının sahəsində 596 hektar artım qeydə alınıb, ölkə üzrə 192 748,6 ton nar istehsal olunub.
Nar bağlarının 42 faizdən çoxu – 9 850,3 hektarı Mərkəzi Aran iqtisadi rayonunda, 30 faizi isə təkcə Göyçay və Kürdəmir rayonları ərazisində yerləşir. Bundan başqa, Ucarda (1 944 ha), Sabirabadda (1 872,3 ha), Ağsuda (2 206,2 ha), Saatlıda (1 456,4 ha), Hacıqabulda (1 228 ha), Ağdaşda (886,5 ha) böyük ərazidə nar yetişdirilir.
Fermerlər aqrar sığorta vasitəsilə nar bağlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.