Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
Azərbaycanda heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq ediləcək
FED.az xəbər verir ki, Şuranın qərarı ilə taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.
Bundan əlavə müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb.
Beləliklə, xüsusilə suya qənaət edən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün dövlət dəstəyinin məbləği artırılır.
DAĞLIQ RAYONLARA DÖVLƏT DƏSTƏYİ GÜCLƏNDİRİLİR
Dağlıq rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektarda 600 manata, digərlər sahələr üçün isə 400 manata çatdırılır.
LAZER HAMARLAMA TEXNOLOGİYASININ TƏTBİQİNƏ YENİ SUBSİDİYA VERİLƏCƏK
Torpaq və su resurslarından daha səmərəli istifadə etmək məqsədilə lazer hamarlama texnologiyasından istifadə edən fermerlərə daha artıq subsidiya tətbiq ediləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası 250 AZN/ha artırılaraq ödəniləcək. Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası 50 AZN/ton artırılaraq ödəniləcək.
Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək, sahənin monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.












