Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Eləcə də bax: Prezident badam emalı zavodunu işə saldı - FOTO
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.
Prezident İlham Əliyev: Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır. Bu meyvə sortları yerli sortlardır, yoxsa xarici sortlardır?
Taleh Zeynalov: Həm xarici sortlarımız, həm yerli sortlarımız var. Məqsədimiz də odur ki, yerli sortların içərisində məhsuldar və təbiətə uyğun çeşidləri seçib seleksiya yolu ilə onların artırılmasına nail olaq.
Prezident İlham Əliyev: Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik.
Qeyd edilib ki, 2017-ci ildə fəaliyyətə başlayan “Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Müəssisənin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyən edilir.
“İnvitro” layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.
İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.
Müəssisədə 84 nəfər daimi işlə təmin olunub.