Bütün dünya COVID-19-la çalxalanarkən, bir tərəfdən vaksin axtarışları davam edir, digər yandan da insanlara rasionlarını immunitetiti yüksək tutan qidalarla zənginləşdirmələri tövsiyə edilir.
Eləcə də bax: Marketlərdə mövsüm meyvələri - NİYƏ BAHADIR?
FED.az xəbər verir ki, bu tövsiyələr koronavirus pandemiyası dövründə vitaminli meyvələrə təlabatı artırıb.
Ölkəmizdə isə tərkibində ən çox vitamin olan mövsümi meyvələrin qiyməti əl yandırır:
gilas 3-10 manat; ərik 3 – 7 manat; gilənar 3-6 manat; çiyələk 2-5 manat; moruq 3-7 manat; alça 4-10 manat; şaftalı 3-8 manat.
Halbuki, deyilənə görə rayonlarda qiymətlər azı iki dəfə aşağıdır. Bəs rayonlarda ucuz satılan meyvələr Bakıya niyə baha gəlib çıxır?..
Sosial vəziyyətin gərginləşdiyi bir dövrdə meyvələrə tamarzı qalan vətəndaş nəfsini öldürmək üçün hər meyvədən bir ovuc almaqla kifayətlənir. Bununla isə necə deyərlər, “Fatıya tuman olmaz”.
Bəzi ekspertlər deyirlər ki, bahalığın səbəblərindən biri topdansatış şirkətləridir. Belə ki, məhsullar topdansatış şirkətlərinə verilir, buradan pərakəndə satışa çıxır. Pərakəndə satışda da bazarlar, dükanlar öz artımlarını əlavə edərək satırlar. Beləliklə, qiymət bahalığı yaranır.
Yəni topdansatış şirkətləri inhisarçılıq yaradaraq, qiymətlərin enməsini əngəlləyirlər...
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə Modern.az-a qiymətlərin çox da baha olmadığını deyərək, fərqli qiymət cədvəli təqdim edib.
O deyib ki, bu il meyvə istehsalı ötən illə müqayisədə artıb:
“Həm də havanın mövsüm ərzində əlverişli keçməsi keyfiyyətli məshul əldə edilməsinə şərait yaradıb. Ötən il dolu nəticəsində yetişmiş gilasın çoxu keyfiyyətini itirmişdi. Amma bu mövsümdə həm məhsul boldur, həm də keyfiyyət göstəriciləri qənaətbəxşdir. Konkret olaraq builki qiymət göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə kifayət qədər aşağıdır. Cədvəldən də bunu aydın görmək mümkündür”.
Direktor bildirib ki, karantin rejimilə əlaqədar kənd təsərrüfatı məhsullarının toplanması və daşınması prosesi də icazə verilmiş fəaliyyətlər siyahısındadır:
“Bununla əlaqədar olaraq, istehsal edilmiş məhsullar toplanır, tədarük olunur və istehlak bazarlarına maneəsiz şəkildə çatdırılır”.
F.Fikrətzadə həftə ərzində “8 km bazarı”nda aparılmış gündəlik, həftəlik və illik monitorinqlərin nəticələrini də açıqlayıb.
Açıqlamaya əsasən, 19 iyundan 26 iyunadək bahalaşan məhsullar pomidor, lobya, sarımsaq və ağ gilasdır. Belə ki, pomidorun qiyməti (Bakı) 20 faiz bahalaşaraq, 1 manatdan 1.20 qəpiyə, lobyanın qiyməti (yerli) 5.3 faiz bahalaşaraq, 1. 90 qəpikdən 2 manata, sarımsağın qiyməti (yerli) 63.6 faiz bahalaşaraq, 2.75 qəpikdən 4.50 qəpiyə, ağ gilasın qiyməti 12,5 faiz bahalaşaraq, 2 manatdan 2.25 manata qalxıb.
F.Fikrətzadə deyir ki, bəzi məhsullarda kəskin bahalaşma 24-26 iyun tarixlərində qeydə alınıb. Belə ki, 0.50 qəpiyə təklif edilən Zirə pomidoru 1.40 qəpiyə, Göyçay pomidoru 0.50 qəpikdən 1.30 qəpiyə, yelpənək xiyar 0,40 qəpikdən 0.55 qəpiyə, yerli yaşıl bibər 0.50 qəpikdən 0.70 qəpiyə, yerli badımcan 0.40 qəpikdən 0.80 qəpiyədək bahalaşıb.
Aqrar Tədqiqatlar Mərkəzinin müəyyənləşdirdiyi digər məhsulların qiymət dəyişmələrilə aşağıdakı cədvəllər vasitəsilə tanış ola bilərsiniz: