Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində meyvə bağları və digər əkinlər üzrə böyük məbləğdə ödənişlər həyata keçirilib.
Bu ilin doqquz ayında Azərbaycanda 405 604 hektar əkin sahəsi sığortalanıb
Aqrar Sığorta Fondundan FED.az-a bildirilib ki, ödənişlər Ağstafa və Samux rayonlarında yerləşən və müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.
Bununla əlaqədar olaraq Fond sözügedən rayonlarda təbiət hadisələrindən zərər çəkən fermerlərə sığorta ödənişi ilə bağlı tədbir təşkil edib.
Məsul şəxslər fondun Şəmkir və Goranboy filialları, Samux Rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin və DAİM rəhbərlərinin iştirak etdiyi görüşlərdə aqrar sığorta haqqında geniş məlumat verib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim ediblər.
Qeyd olunub ki, 2024-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib, əkinləri su basıb. Bu hadisələr nəticəsində ən çox zərər görən təsərrüfatların bir neçəsi Ağstafa və Samuxdadır.
Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri regionda iqlim şəraitinin mürəkkəb olduğunu xatırladaraq bildiriblər ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər dəyməsi ilə nəticələnir. Onlar fermerləri belə hadisələrdən qorumaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıblar.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri İmran Cümşüdov deyib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı və həyata keçirilən sığorta ödənişləri sürətlə artır.
“Aqrar Sığorta Fondu bu ilin ilk 9 ayında fermerlərə 3,8 milyon manat sığorta ödənişi həyata keçirib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 10 milyondan artıq sığorta ödənişi edilib”,- deyə o əlavə edib.
Görüşdə aqrar sığortanın subsidiyalaşdırılması, yəni sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlətin ödədiyi vurğulanıb. Sonra təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.
Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən “Kur Fruit Company” MMC şirkətinin gilas, alma, armud və şaftalı bağlarına fırtına nəticəsində böyük zərər dəyib. Fond tərəfindən təsərrüfata baxış keçirilməsi üçün ezam edilən ekspertlər hadisəni araşdırıb, zərəri qiymətləndirib, nəticədə meyvə bağlarına dəymiş zərər üzrə rekord məbləğdə 214 min 170 manat ödəniş həyata keçirilib.
Samux rayonunun Qarabağlı kəndində yerləşən qarpız, günəbaxan və arpa sahələri isə subasmadan zərər çəkib. Hadisənin araşdırılmasından sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata qarpız sahəsi üzrə 94 min 500 manat, arpa sahəsi üzrə 24 min 500 manat, günəbaxan sahəsi üzrə isə 39 min 600 manat zərər hesablanaraq fermerlərə ödənilib. Qarpız və günəbaxan üzrə ödənişlər indiyədək bu bitkilər üzrə ən yüksək sığorta məbləğləridir. Rayonun Qarayeri kəndində isə gilas, şaftalı, gavalı bağları bu ilin may ayında fırtına hadisəsindən ciddi zərər görüb. Bu hadisə nəticəsində meyvə bağına dəyən zərərlər üzrə 25 min 049 manat aqrar sığorta ödənişi edilib.
Təsərrüfat rəhbərləri və fermerlər sığorta ödənişinin onlara böyük dəstək olduğunu, aqrar sığorta mexanizminin işindən olduqca razı qaldıqlarını diqqətə çatdırıblar.
Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflı izahat verilib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.