Son illər Azərbayanda əkini sərtlə artan məhsullardan biri də soğandır. FED.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən fermerlərdən biri Ağdam rayon Kəngərli kənd sakini İxtiyar Rüstəmovdur. 10 hektar ərazidə yazlıq soğan yetişdirən fermerin məhsulu kisələrə yığılıb və satışa hazır vəziyyətdədir: “Yazlıq soğanı dərmişik, qışlıq soğanı isə avqustda dərməyə başlayacağıq. Hal-hazırda bir hektardan 30 ton məhsul əldə etmişik”.
Bir kisədə 32-35 kq məhsul olduğunu qeyd edən fermer qiymətlərin ötən illə müqayisədə daha sərfəli olduğunu da vurğulayır: “Ötən il həmin çəkidə olan kisəni 2.80-3 manata satırdıqsa, bu il bir kisənin qiyməti 6-7 manat arasında dəyişir”.
Paytaxtın bazar və böyük satış mərkəzlərində soğanın qiymətini fermerə söylədikdə isə qiymətlərdən xəbərdar olduğunu deyir: “Bakıda qiymətlərin baha olmasının ən əsas səbəbi odur ki, mən məhsulun böyük hissəsini alverçilərə satıram. Onlar da aparıb Bakıdakı alverçilərə satırlar. Hər alverçi məhsulun qiymətini artıra-artıra gedir. Amma mənim bazarlara məhsul çıxarmaq imkanım olsa, qiymətlər də münasib olar. Soğanın ucuz olması üçün böyük satış mərkəzləri, marketlər məhsulu birbaşa məndən almalıdırlar. Hətta elə olur ki, arada olan alverçilər mənim özümdən daha çox qazanırlar. Alıcı qiymətlərdən narazı qalanda isə biz fermerləri günahlandırır”.
Fermer builki məhsuldarlıqdan razı qaldığını və növbəti il əkin sahəsini genişləndirəcəyini də qeyd etdi: “Dövlətin dəstəyi olmasa bu səviyyədə məhsul yetişdirmək çətin başa gələr. Bu gün fermerlərə güzəştli kreditlər verilir, torpaq vergisini çıxsaq digər vergilərin hamısından azadıq. Bu güzəştlər şərait yaradır ki, hər il məhsuldarlığımızı artıraq”.