Bu gün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüşüb.
ELƏCƏ DƏ BAX: Qida Agentliyi məşhur şirkətin məhsullarını yoxlayır
Agentlikdən FED.az-a verilən məlumata görə, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirən Agentlik sədri ölkədə təhlükəsiz və beynəlxalq standartlara uyğun meyvə-tərəvəz istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, son illər Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq olunması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır.
Qida məhsulları idxal edən şirkətlərlə yanaşı, son 4 ay ərzində müsbət tarixçəsi olan meyvə-tərəvəz ixrac edən sahibkarlara da asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacacağını bildirən Agentlik sədri fəaliyyətləri dövründə ölkədən məhsul ixrac edərkən məhsullarının keyfiyyət göstəriciləri beynəlxalq standartlara uyğun olan şirkətlərə asan ixrac mexanizminin tətbiq olunacağını bildirib. Q. Təhməzli qeyd olunan göstəricilərə cavab verən sahibkarlıq subyektlərinin məhsullarının daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacağını, bu da həmin məhsulların daha çevik formada ixracına şərait yaradacağını vurğulayıb.
Qida zəncirinin bütün mərhələlərində, eləcə də, qida məhsullarının tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayan Q. Təhməzli qida məshullarının istehsalı və ixracatı istiqamətində Agentlik tərəfindən bundan sonra da sahibkarlara hər cür metodiki köməkliyin göstəriləcəyini və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi işinin davam etdiriləcəyini bildirib.
Daha sonra meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Məhsulları beynəlxalq standartlara uyğun şirkətlər üçün –YENİLİK
20:05
12 Noy 2018