Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə fermerlərə səyyar xidmətləri davam etdirir.
Nazirlikdən FED.az-a verilən məlumata görə, səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, surətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Oktyabrın 10-da fermerlərə növbəti aqrar səyyar xidmət Masallı rayonunun Xıl kəndində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş fermerlərə "Fermer kartı" verilib.
Bundan başqa, xidmət əməkdaşları fermerlərə payızlıq əkinlərin bəyanı ilə bağlı məlumatları EKTİS-ə daxil etməkdə texniki köməklik ediblər. Xıl kəndində EKTİS-də qeydiyyatdan keçmiş 200-dək fermerə səyyar aqrar xidmət göstərilib. Səyyar xidmət göstərən qrupa İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları daxildir.
Fermerlərin diqqətinə çatdırılıb ki, 2020-ci ildən başlayaraq Azərbaycanda aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. EKTİS-də qeydiyyatdan keçmiş fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkin məlumatlarını bəyan etməlidir.
Dövlət tərəfindən fermerlərə veriləcək subsidiyanın miqdarı əkilmiş məhsulun növündən asılı olaraq dəyişir. Bu səbəbdən əkinlərin bəyan edilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqində mühüm mərhələ sayılır. Səyyar xidmətdən yararlanmaq istəyən fermerlərin təkcə şəxsiyyət vəsiqəsi ilə müraciət etməsi kifayətdir.
Növbəti günlərdə qrafik üzrə Masallı rayonunun digər kəndlərində də fermerlərə səyyar aqrar xidmət göstərəcək.
Qeyd edək ki, səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən fermerlərə əvvəlcədən məlumat verilir. Hazırda Xaçmaz və Masallı rayonlarında vasitəsilə fermerlərə səyyar xidmətlərin göstərilməsi davam edir.
Növbəti həftədən başlayaraq Şəmkir və Şəkidə, daha sonra digər rayonlarda analoji xidmətlərin göstərilməsinə start veriləcək.