Lənkəran şəhərində “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir.
Bu kütləvi tədbir əslində bütün sahələri əhatə edən məhsul bolluğu bayramı da sayıla bilər.
"Çay, çəltik, sitrus festivalı" digər ictimai tədbirlərdən özünün illik hesabat və möhtəşəmlik xarakteri, eləcə də kütləviliyi ilə fərqləndiyi üçün bayram tədbiri Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında keçirilir.
Meydanda 4 böyük pavilyon, 100-ə yaxın stend və sərgi tumbası qurulub.
Festivala təşrif buyuran rəsmi nümayəndələr ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Ölkəmizdə ilk olaraq təşkil olunan bu festival Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılıb.
Örtülü pavilyonlarda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunub.
Bundan başqa, tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan "Haşimi", "Sədri", "Campo" düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan "ləvəngi"dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.
Axşam saatlarında isə festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdiriləcək.
Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.