Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranda salınan yeni sitrus bağları ilə tanış olub, çay və çiyələk plantasiyalarına, kümxanalara, aqroekoturizm obyektlərinə baş çəkib.
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən salınacaq limon, portağal, narıngi, nar, fındıq və zeytun bağlarına görə fermerlərə yüksək əmsallı əkin subsidiyası ilə yanaşı, birdəfəlik əkin subsidiyası ödəniləcək. İxracyönümlü meyvələr üzrə intensiv bağçılığın inkişafının stimullaşdırılması fermerlərin bu sahəyə marağını artırır. Qərarın qəbul olunduğu üç ay ərzində Lənkəran bölgəsində 50 hektardan çox sitrus bağı salınıb. Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranın Vilyan kəndində salınmaqda olan limon bağı ilə tanış olub, fermerlərlə sitrus meyvəçiliyinin inkişaf etdirilməsi, ənənəvi bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının öz yerini möhkmləndirməsi, ixraca yönəlmiş məhsul istehsalı, dövlət dəstəyi mexanizmlərindən yararlanmaq imkanları, bölgənin münbit torpaq resurslarından daha səmərəli istifadə etmək və s. mövzularda fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində nümayəndə heyəti "Yaşılçay" MMC-nin 7 hektar sahədə salınmış çay plantasiyasında məhsul yığımı ilə tanış olub, kümxanalarda ipəkqurdu toxumlarına qulluq prosesini izləyib, İstisu qəsəbəsində yeni fəaliyyətə başlayan aqroekoturizm kompleksinə baş çəkiblər. Azərbaycanda aqroekoturizmə böyük maraq olduğundan bura üz tutan yerli və xarici turistlərə çay yığımında iştirak etmək, çay istehsalı prosesi ilə tanış olmaqla bağlı bir sıra layihələr həyata keçirilir. Kənd təsərrüfatı turizminə maraq göstərən şəxslər plantasiyalardan yığdıqları yarpaqları özləri fabrikdə qurudur, qablaşdırır və məhsulu 50 faiz güzəştlə satın almaq imkanı qazanırlar. Həyata keçirilən layihələr aqroekoturizmə marağı daha da artırmış olur.
İstisu qəsəbəsinin aqroekoturizm imkanları böyükdür. Qəsəbədə 15 hektar sahədə salınan feyxoa, kivi, portağal, narıngi bağları həm sitrus meyvəçiliyinin, həm də aqroekoturizm inkişafında mühüm yer tutur. Bağa gələn insanlar burada dincəlmək imkanı qazanır, həm də orqanik məhsullarla qidalana bilirlır. Sitrus bağlarının sahəsinin genişlənməsi əhalinin məşğulluğunun artmasına, eyni zamanda orqanik kənd təsərrüfatı məhsullarının satışına müsbət təsir göstərir.
Lənkəran bölgəsində çiyələk istehsalına da maraq artmaqdadır. Son iki il ərzində Lənkəranda 100 hektardan artıq ərazidə çiyələk plantasiyası salınıb. Çiyələk istehsalının artması, xarici bazarlara rəqabətədavamlı məhsul çıxarılması fermerlərin rifah halını artırmaqla yanaşı, bölgədə əhalinin aqrar məşğulluğunun genişlənməsində də mühüm rol oynayır. Lənkəranın Vilyan və Şağlaser kəndində çiyələkçi fermerlərə görüş zamanı məhsul istehsalı və ixracı, məşğulluq səviyyəsi, daxili və xarici bazarlarda tələbatın müəyyənləşməsi istiqamətində söhbətlər aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.