Kürdəmir rayonunun Ərşəli kənd sakinləri satdıqları nar məhsulunun pulunu hələ də ala bilmirlər.
Noyabrda 11 milyon dollarlıq nar ixrac olunub
FED.az xəbər verir ki, kənd sakinləri bildirirlər ki, 3 ay əvvəl Yavər adlı şəxs oktyabr ayının müxtəlif günlərində 34 nəfərə məxsus nar məhsulunu alıb.
İddiaya görə, məhsullar hər bir sakindən fərqli məbləğlərdə götürülsə də, ümumilikdə 24 min manat dəyərində olan vəsait bu günə qədər ödənilməyib.
Kənd sakinləri bildirirlər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemin həlli mümkün olmayıb. Onlar artıq hüquq-mühafizə orqanlarına da müraciət ediblər.
İddialarda adıçəkilən Yavər adlı şəxslə əlaqə saxladıq. Məlum oldu ki, həmin şəxsin adı Sərkər İslamovdur. O, borclu olduğunu təsdiqləyərək pulların hissə-hissə qaytarıldığını vurğuladı.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan məsələ ilə bağlı bildirilib ki, ötən ilin noyabr ayında bir qrup şəxs Kürdəmir rayon polis şöbəsinə müraciət edərək satdıqları kənd təsərrüfatı məhsullarının pulunu ala bilmədikləri və bu səbəbdən onlara maddi ziyan dəydiyi barədə məlumat veriblər. Daxil olan müraciətlərlə bağlı izahatlar alınıb, vətəndaşlara dəyən ziyanin bir hissəsinin ödənilməsi təmin edilib. Müraciətlər əsasında polis şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.









