25 iyul 2025-ci il tarixində saat 10-00-da Kürdəmir şəhərinin Heydər Əliyev prospektində (Kürdəmir rayon icra hakimiyyətinin inzibati binasının qarşısında) Kürdəmir Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bostan Fesivalı” keçiriləcəkdir.
FED.az xəbər verir ki, festivalda Kürdəmir rayonunda əsasən bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlər, digər məhsul istehsalçıları iştirak edəcək, stendlərdə maraqlı sərgilər, müsabiqələr, yerli mətbəx, pəhlivan, kəndirbazın çıxışı və konsert proqramı təqdim ediləcəkdir.
Festivalın məqsədi bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlərin innovativ həllərə əsaslanan texnoloji yeniliklərə əlçatanlığının təmin olunması və təşviqi, bostançılıq sahəsində fəaliyyət göstərən şirkətlər arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsi, dövlət və özəl qurumlar, elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, yerli məhsulların brendə çevrilməsinə dəstək olmaq, rayonun bostançılıq və kənd təsərrüfatı potensialını tanıtmaq və turizm potensialını önə çıxarmaqdır.