Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının 26 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 250-dək kümçü ilə müqavilə bağlanılıb və onlara rayondakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiya olunmuş 650 qutu, yəni 12 kiloqram 350 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi davam edir.
Start verildi, 40 rayonda paylanacaq - FOTOLAR
FED.az xəbər verir ki, rayonun Əliabad qəsəbəsində kümçü ailələrinin təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi izlənilib.
Kümçü Şaban Şabanov 8 ildir ki, baramaçılıqla məşğul olur. Ötən il Şabanovlar ailəsi 45 qram ipəkqurdu bəsləyib, 120 kiloqram yaş barama istehsal edib. Ailə qısa müddətdə baramaçılıqdan 1300 manatdan çox gəlir əldə edib. Kümçü ailəsi cari mövsümdə 40 qram ipəkqurdu bəsləyir. İpəkqurdunun yemlənməsi prosesində ona ailə üzvləri yaxından kömək edirlər. Təsərrüfat sahibi ipəkqurdunun bəslənməsi üçün həyətindəki yardımçı tikilidə xüsusi yer ayırıb, rəflər quraşdırıb. Kümçü ipəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağını həyətindəki, həmçinin kənd ərazisindəki tut ağaclarından tədarük edir.
“Baramaçılıqda çox qısa müddətdə, yəni bir ay ərzində çəkdiyin zəhmətin bəhrəsini görürsən. Bitkiçilikdə, heyvandarlıqda isə məhsul götürmək üçün neçə ay gözləməli olursan. Bu il ailəmiz 40 qram ipəkqurdu götürüb, 120 kiloqramdan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoymuşuq. Hazırda ipəkqurdu beşinci yaşdadır. Bu yaşda yemləmə prosesi 7-8 gün davam edir və sonra qurdlar barama sarıyır. Çəkdiyimizin zəhmətin hədər getməyəcəyinə, bol məhsul istehsal edəcəyimizə əminik”, - deyə təsərrüfat sahibi bildirib.
Kümçü söhbət əsnasında bildirib ki, yaş baramanın alış qiyməti bir-iki manat da artırılarsa, kənd adamlarının bu sahəyə marağı daha da artar: “Bu il ipəkqurdunun yemlənməsi dövründə əziyyətimiz çox oldu. Xeyli vaxtdır ki, havalar qeyri-sabit, soyuq, yağışlı keçir. Yemləmə otağında temperaturu tələb olunan səviyyədə saxlamaq üçün mavi yanacaq və ya odun sobası yandırırıq, bu da xərclərin artmasına səbəb olur”.
Qəsəbə sakini Oruc Qədimov da bu il 40 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olur. Kümçü ailəsi keçən il 95 kiloqram yaş barama istehsal edib. Ailə cari mövsümdə 100 kiloqramdan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub.
Qəsəbədə olarkən inzibati ərazi dairəsi üzrə nümayəndə Həsən Həsənovla qarşılaşırıq. Nümayəndənin sözlərinə görə, ötən il qəsəbənin kümçüləri 3200 kiloqram yaş barama istehsal ediblər. Bir ay müddətində kümçü ailələri baramaçılıqdan, ümumilikdə 35 min manatdan çox gəlir götürüblər. Builki mövsümdə qəsəbə üzrə 17 kümçüyə 67 qutu, yəni 1273 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə yaş barama istehsalının 3200 kiloqramdan çox olacağı gözlənilir. (Azərtac)