Azərbaycanda ərzaqlıq buğdaya 5 il müddətinə subsidiya tətbiq ediləcək təsərrüfat sahibləri ilə müqavilələrin imzalanmasına başlanılıb.
Eləcə də bax: Azərbaycanda xaricdən taxıl asılılığının azaldılması üçün proqram - HAZIRLANACAQ
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri deyib.
Onun sözlərinə görə, pivot suvarma sistemlərinin mövcud olduğu 20 min hektar sahəsi üzrə 18 subyektlə müqavilələr bağlanılıb: “50 hektardan çox təsərrüfatlar cəlb edilib. Bağlanmış müqavilələr cari il əkiləcək taxıl üçün nəzərdə tutulur. Fermerlərə məhsul subsidiyasının verilməsi ölkədə ərzaqlıq buğdanın keyfiyyətinin və həcminin artırılmasına səbəb olacaq”.
“Kiçik təsərrüfat sahibləri qonşuları ilə torpaq sahələrini birləşdirərək minimum 50 hektar sahə üzrə müraciət edə bilərlər. Təbii ki, bu, müasir suvarma sistemlərini tətbiq edən təsərrüfat sahələri olmalıdır”, - deyə o bildirib.
F.Tağıyev xatırladıb ki, Prezident İlham Əliyev 19 iyul 2022-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında Fərman imzalayıb və tapşırıqlar verilib: “Fərmanda bir neçə qurumla bağlı, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı müvafiq tapşırıqlar var. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülərə) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək".
O qeyd edib ki, təqribən 30-40 aqroparklarla görüş keçirilib: "Eyni zamanda, 20-dən çox iri fermer təsərrüfatları ilə görüş keçirilib və hazırda bu görüşlər davam etdirilir. Görüşlərimiz əsasən iki istiqamətdə həyata keçirilir. Birincisi, mövcud pivot sistemlərinin tətbiq edildiyi sahələr üzrə müqavilələr imzalanır. İkincisi isə, ərzaqlıq buğda istehsal etmək üçün pivot suvarma sistemlərinin qurulması ilə bağlıdır. Biz bu təsərrüfat sahiblərinin problemlərini də təhlil edirik”.
Nazirlik rəsmisi vurğulayıb ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tədbirlərin icrası ilə bağlı İşçi Qrupu yaradılıb: “Ayda iki dəfə İşçi Qrupun görüşünü təşkil edirik. Həmçinin, aidiyyəti aqroparklardan nümayəndələr və şəxslər də dəvət edilirlər. Onlar öz problemlərini səsləndirirlər. Onların torpaq sahələrini monitorinq edirik, problemlərini öyrənirik. İctimai şəkildə müzakirələr həyata keçiririk və bu müzakirələrdə hər bir aidiyyəti qurum fəaliyyət istiqaməti üzrə iş aparır”.
F.Tağıyev deyib ki, əsas məqsəd pivot suvarma sistemlərinin quraşdırılmasını nəzərdə tutan torpaq sahələrinin müəyyənləşdirilməsidir: "Noyabr ayı ərzində 2023-cü il əkinləri üçün planlar tam yekunlaşacaq. Bununla yanaşı, hədəf dekabrın sonuna qədər 2024-2025-ci illərin planlarının müəyyənləşdirilməsidir". (Report)