Azərbaycanda kənd təsərrüfatında dronlardan istifadə başlayır.
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ölkəmizdə ilk dəfə Ucar rayonunda çiləyici ilə təchiz edilmiş DJİ AGRAS MG-1P dronu vasitəsilə qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçrilib.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyi dronlar alır - MÜQAVİLƏ BAĞLADI
Dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun "Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası"nın elmi işçisi Etibar İbrahimov və "Bitki seleksiyası" şöbəsinin elmi işçisi Zöhrab Qəribov tərəfindən həyata keçirilib.
Mütəxəssislər hesab edir ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.
Qeyd edək ki, hazırda dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddət ərzində məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlar verməyə imkan verir. Dronlar əkin sahələrində üçölçülü xəritəçəkmə işlərini yüksək dəqiqliklə həyata keçirir, sahəyə verilən gübrənin bitki tərəfindən mənimsənilmə səviyyəsini müəyyən edə bilir, sahənin suvarılan və ya quraq qalan hissələrini təyin edir, becərilən bitkinin xəstəliklə sirayətlənmə səviyyəsini müəyyən edə bilir.
Dronlar aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsini çox dəqiqliklə həyata keçirir. Bir sözlə, dronların kənd təsərrüfatında tətbiqinin aşağıdakı üstünlüklərə malikdir:
torpaq tədqiqatı və aqrotexniki tədbirlərin daha dəqiq aparılması;
müşahidələrin aparılması üçün ayrılan zamana xeyli qənaətin edilməsi;
nəqliyyat vasitələrindən istifadəyə xeyli qənaətin edilməsi;
əkin sahələrində məşğul olan işçilərin sayını azaldaraq əmək haqqı fonduna qənaətin edilməsi;
yeni texnologiyaların tətbiqi nəticəsində kənd yerlərində iş üçün gənc mütəxəssislərin cəlb edilməsi.