Aqrar sahədə məşğulluğun artırılması, insan resurslarının inkişafı, iş imkanlarına əlçatanlığın təmin edilməsi, kənd təsəsrrüfatı sahəsi üzrə işaxtaranlarla işəgötürənlər arasında faydalı kommunikasiyasının qurulması məqsədilə yaradılan www.aqrokadr.az karyera portalında özəl müəssisələrə aid 80-dən çox vakansiya dərc edilib.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Kənd Təsərrüfatı sahəsində ixtisaslaşan şirkətlərdən “MKT Cotton MMC”, “Kraun Ko-R MMC”, “Agro Dairy” və “Agrarco LLC” əkinçilik, heyvandarlıq, maliyyə, sürücü-mexanik, gözətçi və digər iş elanlarını karyera portalında yerləşdiriblər.
İşaxtaranlar http://aqrokadr.az/ portalında qeydiyyatdan keçərək vakansiyalarla tanış ola və sayt üzərindən aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər. İş üçün müraciət edən şəxslər işəgötürənlər tərəfindən fərdi seçim əsasında müsahibələrə dəvət ediləcəklər.
Aqrokadr.az karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2021-ci il avqustun 18-də ictimaiyyətə təqdim edilib. Portal insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı məşğulluğun müasir çağırışlara uyğunluğuna dəstəyi hədəfləyir.