2021-ci ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə toxum və ting istehsalının dəstəklənməsində ayrılan vəsaitdən 1 milyon 842 min manatı istifadə edilməyib.
FED.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Onun sözlərinə görə,dövlət büdcəsindən toxum və ting istehsalının dəstəklənməsi üçün 8 milyon 500 min manatın ayrılmasına baxmayaraq 6 milyon 658 min manat xərclənib.
İ.Qədimova deyib ki, ortamüddətli xərclərin məqsədyönlü icrası çərçivəsində iştirak edən orqanlardan biri Kənd Təsərrüfatı Nazirliyidir: "Ortamüddətli xərclər çərçivəsində strateji planın həyata keçirilməsini təmin etməklə birlikdə problemlərin, güclü və zəif tərəflərin müəyyən edilməsi, zəif tərəflərin ortadan qaldırılması ilə bağlı işlərin görülməsidir.
Kənd təsərrüfatı sahəsi üzrə ayrılan büdcə vəsaitlərinin müəyyən qismi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən beş proqram və beş strateji hədəflərin həyata keçirilməsinə yönəldilib. Məbləğin böyük hissəsi bitkiçilik sahəsi üzrə həyata keçirilən proqramlara, əsasən əkin, məhsul və toxum subsidiyaların verilməsinə yönəldilib”. (Report)