Sentyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda “Kəlbəcər Bal Festivalı 2025” tədbiri baş tutub. Festival IDEA İctimai Birliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
FED.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, Respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edib.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Festivalda həmçinin arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı, bal məhsullarının dequstasiyası və milli mətbəx nümunələri, eləcə də uşaqlar üçün əyləncə zonaları təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.
Tədbir iştirakçıları əvvəlcə fermerlərin nümayiş etdirdikləri arıçılıq məhsullarına baxış keçirib, onlarla həmsöhbət olublar.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcərdəki Xüsusi Nümayəndəsi Bəşir Hacıyev bildirib ki, bu festival vasitəsilə biz təkcə Kəlbəcər balını deyil, bütövlükdə rayonun təbii sərvətlərini, zəngin florasını, faunasını, eyni zamanda burada yaşayan insanların zəhmətini və bacarığını geniş auditoriyaya təqdim edirik.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər və digər azad olunmuş ərazilərin arıçılığın inkişafı üçün geniş potensiala malik olduğunu, bölgənin yaylaqlarında istehsal olunan arıçılıq məhsullarına daxili bazarda böyük tələbat yarandığını deyib. Bal və digər arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxışı üçün brendəşmənin vacibliyini bildirən nazir bu istiqamətdə nazirlik tərəfindən arıçılara köməklik göstərildiyini qeyd edib. Nazir bildirib ki, 2024-cü ildə Azərbaycanda arı ailələrinin sayı 579 minə çatıb, bal istehsalı 2023-cü illə müqayisədə 13,04 faiz artıb.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə isə arıçılığın ölkənin kənd təsərrüfatında mühüm rolunu vurğulayaraq dövlətin bu sahəyə göstərdiyi dəstək nəticəsində istehsal həcminin sürətlə artdığını bildirib.
Tədbir konsert proqramı ilə davam etdirilib. (Azərtac)