Tərtər rayonunun keçmiş təmas xəttində yerləşən və 30 il istifadəsiz qalmış Çaylı kəndi ərazisindəki torpaqlar yenidən əkin dövriyyəsinə qatılıb. “Frutti Agro” MMC tərəfindən yaradılan intensiv bağçılıq təsərrüfatında müasir texnologiyalar əsasında məhsuldar meyvə tingləri əkilib, avtomatik suvarma sistemi qurulub.
Hektara 100 ton məhsul verir - KİLOSU 3-5 MANATDIR
FED.az xəbər verir ki, təsərrüfatın direktoru Zaur Əliyev bildirib ki, keçmiş təmas xəttinə yaxın olduğu üçün bu ərazilərdə 30 il müddətində heç bir kənd təsərrüfatı ilə məşğul olunmayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı qələbəsindən sonra bu ərazilərdə yenidən kənd təsərrüfatı fəaliyyətinə başlanılıb. Bağ salınmamışdan əvvəl torpaq və su analizləri götürülərək, əldə olunan nəticələrə əsasən, uyğun calaqaltılar seçilib və bağın salınmasına başlanılıb. 300 hektar ərazidə xurma, şaftalı, nektarin və ərik tingləri əkilib.
Bağ İsrail istehsalı olan tam avtomatlaşdırılmış mərkəzi suvarma sistemi ilə təmin olunub. Bağın su təminatı tutumu 210 min kubmetr olan süni göl vasitəsilə həyata keçirilir. Süni gölün suyu Tərtərçaydan götürülür. Hazırda şirkətdə 45 nəfər daimi, 100 nəfər mövsümi işçi fəaliyyət göstərilir. Növbəti illərdə işçilərin sayının artırılması nəzərdə tutulur.
Təsərrüfatın briqadiri Fərid Əşrəfzadə bildirib ki, mart ayında salınmış intensiv meyvə bağında 125 hektarda xurma, 50 hektarda şaftalı, 50 hektarda nektarin, 10 hektarda ərik tingləri əkilib. Hazırda bağda aqrotexniki qulluq davam edir, ərazi alaq otlarından təmizlənir, dərmançiləyici vasitələrlə dərmanlanır, mərkəzi suvarma sistemi ilə gübrələr verilir.
Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. İntensiv bağçılıq təsərrüfatı əhalinin ekoloji cəhətdən təmiz meyvə məhsulları ilə təmin olunmasına öz töhfəsini verəcək. Təsərrüfatda istehsal olunan məhsullar daxili və xarici bazarlara çıxarılacaq. (Azərtac)