Aqrar Subsidiya Şurasının qərarı ilə müəyyən olunmuş yeni salınacaq intensiv meyvə bağlarına görə tələblər müəyyənləşib.
FED.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, minimum sahəsi 15 hektar olan intensiv meyvə bağlarına görə birdəfəlik əkin subsidiyası almaq üçün həmin bağlarda mütləq iqlim stansiyası quraşdırılmalıdır.
“Fermerlər sahələrə təsir edəcək məlumatları hava şəraitinin əvvəlcədən bilinməsi, əkin sahələrində, bağlarda, plantasiyalarda, nəmlik miqdarı, atmosfer təzyiqinin dəyişməsi və.s öyrənmək üçün internet resurslarından istifadə edirdilər. Bilirsiniz ki, dünyada bunun üçün müasir iqlim stansiyalarından alınan məlumatların işlənilməsi və reaksiya verilməsi geniş yayılıb. İqlim stansiyalarının quraşdırılması fermerlərə dəyişkən hava şəraitinə çevik reaksiya verməyə yardım edəcək. Bu həm bağlara dəyə biləcək zərərin minimuma endirilməsinə səbəb olacaq, həm də bağlardan alınan məhsulların artırılmasına müsbət təsir edəcək”, - deyə o qeyd edib. (Azərtac)