Banner

Aqrar

İstixanada orqanik pomidor yetişdirilir

İstixanada orqanik pomidor yetişdirilir | FED.az
08:24 29 Yan 2019

Ağdaşlı fermer alıcı sarıdan korluq çəkmədiyini deyir.

Ağdaşlılar işləyən adamlardır. Rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Aşağı Zeynəddin kəndinin sakinləri də əllərinin qabarına, alınlarının tərinə güvənirlər. Gördükləri iş, çəkdikləri əziyyət də bəhrəsiz qalmır, dolanışıqdan korluq çəkmirlər.

FED.az xəbər verir ki, kənd camaatının vaxtilə əsas məşğuliyyəti heyvandarlıq olub. Sonradan tərəvəzçiliyə üstünlük verməyə başlayıblar. Buradakı həyətyanı təsərrüfatların əksəriyyətində istixana görmək mümkündür. Həmin istixanalara üzü yaza şitil vurulur və bazara təzə-tər xiyar və pomidor məhsulları çıxarılır.

Kənd sakini Ətraf Səmədov özünə aid pay torpağında 3 il əvvəl müasir istixana yaradıb. Bir hektarda 33 istixana quraşdırıb. Burada əsasən pomidor, müəyyən qədər də xiyar yetişdirir. Keçən mövsüm sahibkar üçün düşərli olmadı. Xəstəlik baş verdiyindən məhsul bara dolan vaxtı kütləvi şəkildə tələf oldu. İstixanalardakı şitillər də yandı.

Bununla belə, fermer ümidsiz deyil. Deyir ki, hər pis işdə bir xeyir də var: "Ötən mövsüm yandıq, bu dəfə əvəzini çıxacağıq”.

Onun sözlərinə görə, məhsul yerli bazarda realizə olunmaqla yanaşı, Rusiya Federasiyasına da ixrac edilir. Ümumilikdə alıcı sarıdan korluq yoxdur.

Təsərrüfatda əsasən Hollandiya sortlu "Ralli” və "Makiyaj” pomidorları yetişdirilir. Dekabrın əvvəlində əkin aparılıb. Mart ayının ortalarına məhsulun yetişməsi gözlənilir. Onu da qeyd edək ki, Ə.Səmədov əsasən orqanik məhsul yetişdirir.

İstixana kompleksində daimi işçi 3 nəfər olsa da, mövsümi işlər zamanı əlavə işçilər də cəlb edilir.

Eləcə də bax: "Səudiyyə Ərəbistanından yumurta sifarişi almışıq" - Quşçuluq Fabrikinin direktor müavini

 

© "Azərbaycan”

Digər xəbərlər

Banner