Salyan rayonunda meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirilib.
FED.az xəbər verir ki, Salyan rayon İcra Hakimiyyətində baş tutan görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və meyvə-tərəvəz istehsalı ilə məşğul olan 50-yə yaxın istixana sahibi iştirak edib.
Eləcə də bax: İstixana sahibləri qazın qiymətinin - 10 QƏPİYƏ ENDİRİLMƏSİNİ İSTƏYİR
Tədbirdə meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Görüşdə çıxış edən sahibkarlar borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bu, artıq istixana sahibləri ilə 3-cü görüşdür, bundan öncə Şəmkir rayonu və Bakı şəhərinin Xəzər rayonunda müzakirələr aparılıb. Görüşdə sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin “Azəriqaz” İB-nin öz hesabına yerinə yetiriləcəyi bildirilib, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli üçün elə yerindəcə tapşırıqlar verilib.
Tədbirdə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Sahibkarların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermer və sahibkarların məlumatlandırılacağı bildirilib.