Goranboy rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib. FED.az xəbər verir ki, Mədəniyyət Sarayında keçirilən görüşə 300-dək fermer qatılıb.
Fermerlərlə görüşdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Dövlətin qayğı və diqqəti sayəsində rayonda taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlıq inkişaf etməkdədir. Rayonun əsas probleminin suvarma suyunun çatışmazlığı olduğunu deyən Məhərrəm Quliyev bu məsələnin həlli üçün görülən işlər barədə məlumat verib.
İ. Kərimov fermerlərlə görüşdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun aparıcı sahəsi elan edilib:
“Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.
Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov aprel-may aylarında Saatlı, Sabirabad, Ucar, Qəbələ, Salyan, Neftçala, İsmayıllı, Ağsu rayonlarında fermerlərlə səyyar görüşlər keçirilib. Fermerlərlə səyyar görüşlər davam etdiriləcək.