İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Saatlı rayonunda yerləşən “İD-Aqropark” MMC-də badam məhsulunun yığılmasına başlanılması ilə əlaqədar mediatur təşkil edilib.
Eləcə də bax: Azərbaycandakı aqroparklarda 10 min insan - ÇALIŞIR
FED.az xəbər verir ki, media təmsilçilərinə məlumat verilib ki, əkinçilik və bağçılıq üzrə ixtisaslaşan aqropark 7000 hektar ərazini əhatə edir.
Aqroparkın ümumi əkinə yararlı 6920 hektar sahəsinin 380 hektarında arpa, buğda, 15 hektarında silos qarğıdalı, 30 hektarında darı, 130 hektarında pambıq, 120 hektarında yonca əkilib, 316,5 hektar ərazidə isə badam və nar, 1 hektarında zeytun, 5 hektarında isə sınaq üçün quru meyvə tədarükü üçün bağ (quru meyvəlik bağda şaftalı, ərik, 3 növ gavalı ağacları əkilib) salınıb.
Hazırda aqroparkda badam və pambıq yığımı həyata keçirilir. Pambıq sahələrinin hər hektarından 30-35 sentner, badam bağlarından isə ümumilikdə 7 tondan çox məhsul toplanılması nəzərdə tutulur.
Yaxın günlərdə nar yığımına başlanılacaq və ümumilikdə 2500 tondan çox (hər hektardan 10 ton) məhsul əldə edilməsi planlaşdırılır. Yığılan nar daxili bazara satılmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunacaq. Eyni zamanda, hazırda aqroparkda payızlıq arpa səpini aparılır və bu il 600 hektar ərazidə arpa və buğda əkilməsi nəzərdə tutulur. Aqroparkın ərazisinin qalan hissəsində əkinə hazırlıq işləri aparılır.
“İD-Aqropark”da müasir suvarma üsulları tətbiq edilir.
İndiyədək 21,7 milyon manat investisiya yatırılmış “İD-Aqropark” MMC-də 157 nəfər daimi, 300-dən çox insan isə mövsümi işlə təmin edilib.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilmiş aqroparkda 21 ədəd texnika və 50-dən çox aqreqat mövcuddur.