Hesablama Palatası: Aqrar Xidmətlər Agentliyində büdcə vəsaitlərindən qənaətlə istifadə edib, eyni zamanda Agentlik fermerlərin maarifləndirilməsinə diqqəti artırıb.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının qurumda parılan auditin nəticələrinə dair açıqlamasında bildirilir.
Azərbaycanın dövlət qurumlarında Hesablama Palatası tərəfindən audit tədbirlərinin aparılması davam etdirilir.
FED.az xəbər verir ki, Palatanın 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadə olunmasına dair uyğunluq auditi aparılıb.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatının müxtəlif sahələrində fermer və təsərrüfatlara müxtəlif çeşidli xidmət mqsədilə yaradılıb. Məqsəd aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, eləcə də bu sahədəki dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsidir.
Agentliyin fəaliyyəti Aparat və tabeliyindəki qurumlar, o cümlədən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi (HSBXM), Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi (LESM), Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi (BMFM), Aqrar Təlim Mərkəzi (ATM), eləcə də “Təchizat Bazası” MMC (anbar) vasitəsi ilə həyata keçirilir.
Palatanın açıqlamasından məlum olur ki, budəfəki audit dövrü 2 ili – 2023-cü ilin əvvəlindən 2024-cü ilin sonunadək olan müddəti əhatə edib. Palatanın araşdırması göstərib ki, 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinədək olan müddətdə qurumda pul vəsaitlərinin hərəkəti daxilolmalar üzrə 111,3 milyon manat, xaricolmalar üzrə isə 105 milyon manat təşkil edib.
Araşdırma göstərib ki, sözügedən müddətdə AXA üzrə bir sıra vaxib xidmətlər və onların fermerlərə təqdim ediləsi üçün imkanlar yaradılıb.
Belə ki, 2024-cü ildə "Elektron kənd təsərrüfatı" informasiya sistemində torpaq analizləri və toxumların sertifikatlaşdırma prosesi üçün alt modullar istifadəyə verilib. Bundan başqa, toxumçuluqda fəaliyyətin səmərəliliyinin artırılması üçün hüquqi aktların təkmilləşdirilməsinə dair layihələr hazırlanaraq təqdim edilib.
Palata xüsusi vurğulayır ki, bu dövrdə AXA öz funksional fəaliyyəti çərçivəsində fermerlərin maarifləndirilməsinə diqqət artırıb, o cümlədən bu prosesdə bitkiçilik, bitki mühafizəsi, heyvan sağlamlığı, heyvandarlıq və baytarlıq istiqamətlərinə daha çox önəm verilmişdir.
Palatanın qeyd etdiyi vacib məqamlardan biri də AXA-da dövlət vəsaitlərinin qənaətli istifadəsi ilə bağlıdır. Auditin nəticələrində bildirilir ki, AXA-nın Aparatı üzrə dövlət büdcəsindən maliyyələşdirilməklə xərclənmiş vəsaitin məbləği 2023-cü ildə 19 milyon 297,2 min manata bərabər olduğu halda 2024-cü ildə bu məbləğ 47,1% azalaraq 10 milyon 201,1 min manat təşkil edib. Palata qeyd edir ki, bu dəyişiklik büdcə vəsaitlərinin daha qənaətli xərclənməsi prinsiplərinin rəhbər tutulduğunu göstərir.