Xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.
Eləcə də bax: Rusiya meyvə-tərəvəz idxalçıları qarşısında - Yeni Tələblər Qoyub
FED.az xəbər verir ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 50-90 qəpiyə satırlar. Amma ötən illərə nisbətən meyvənin alıcılıq qabiliyyəti aşağı düşüb. Təsərrüfatçılar bunu Rusiya bazarlarına az məhsul göndərilməsi ilə əlaqələndirirlər.
Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
Nərəcan kənd sakini Ramazan Quliyev bildirib ki, bağlarda meyvənin tez yetişən növlərinin yığımı yekunlaşmaq üzrədir. Hava şəraitinin mülayim keçməsi və zərərvericilərə qarşı görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib. Fermerin sözlərinə görə, Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.
Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.
Ümumilikdə, Xaçmaz rayonunda 2 min 748 hektara yaxın şaftalı bağı var ki, bunun da 2400 hektarı barverəndir. Hər il rayon bağlarından 7 min tondan çox şaftalı toplanır. (Azərtac)