Cəlilabadda şəkər çuğunduru təsərrüfatına artan maraq fermerləri ötən il ümumilikdə 4 hektar ərazidə əkdiyi məhsulu bu il 150 hektara qədər genişləndirməyə həvəsləndirib.
Yeni texnologiyaların tətbiqi ilə, hətta suvarılmayan torpaqlarda belə bol məhsul yetişdirilir.
FED.az xəbər verir ki, rayonda kənd təsərrüfatının daha çox əmək tutumlu və gəlirli sahələrindən biri də şəkər çuğunduru bitkisidir. Bölgədə İmişli Şəkər Zavodunun fəaliyyəti Cəlilabadda da bu sahənin inkişafına zəmin yaradıb.
80 hektara yaxın sahədə şəkər çuğunduru əkən Ocaqlı kənd sakini sahibkar Füzuli Ağayevin sözlərinə görə, vaxtında edilən düzgün aqrotexniki qulluqla hər hektardan 60-70 tondan artıq məhsul götürmək mümkündür. Satış qiyməti də, məhsulun hər tonunda şəkərlilik faizinə görə tənzimlənir: “Məsələn, 12 şəkərliyi olan məhsul 70 manatdan verilirsə, 16 şəkərliyi olana 84, 19 şəkərliyi olan isə 94 manata verilir. Bu qayda ilə artım gedir. Ümid edirəm ki, burada əkilən şəkər çuğundurunun şəkərliyi minimum 18-20 olacaq. Bizim iqlim buna imkan verir. Həm də bizə şəkərliyə verilən vəsaitdən əlavə dövlət tərəfindən hər tona görə 18 manat subsidiya verilir. Məhsulun suvarılması zamanı pivot suvarma üsulu tətbiq edilib. Təxminən 400 metr uzunluğu olan müasir suvarma-çiləmə qurğusu vaxta və suya qənaət etməklə birdəfəyə 80 hektar sahənin suvarılmasını həyata keçirir. Bununla yanaşı yeni texnologiyanın tətbiqi ilə, hətta bu vaxtadək dəmyə istifadədə olan torpaqlarda da bol məhsul yetişdirilir. Pivot suvarma ilə həm suya, həm də vaxta qənaət edilir”.
Mütəxəssis İmran Babayev rayonda şəkər çuğunduruna marağın artmasının səbəblərindən biri kimi yüksək gəlirliliyi qeyd edib: “Belə ki, şəkər çuğundurunun satışında problem yoxdur. Çünki istehsal olmuş şəkər çuğunduru “Azərşəkər” şirkəti tərəfindən yüksək qiymətə alınır. Bununla yanaşı, fermer və sahibkarlar istehsal etdiyi məhsula görə yüksək məbləğdə subsidiya da əldə edirlər”.
Qeyd edək ki, Cəlilabad DAİM-dən aldığımız məlumata görə, bu il rayonda 150 hektar sahədə şəkər çuğunduru bitkisi əkilib. Hazırda vegetasiya dövründə olan bitkinin sentyabr ayından yığımına başlanılacaq. Məhsulun sahədən müasir texnikalar vasitəsilə yığılması və daşınmasında da heç bir problem yaşanmır. Müqavilə şərtlərinə əsasən, bütün bu işlər İmişli Şəkər Zavodu tərəfindən həyata keçirilir (AzərTac).