Zaqatala rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək 6,3 min hektar sahəyə arpa və buğda səpiblər. Payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 8 min hektardan çox sahədə şum aparılıb və bu iş davam etdirilir. Taxıl səpininə 260 ədəd traktor, 122 kotan, 36 ədəd taxılsəpən aqreqat cəlb olunub.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Rayonun Bəhmətli kəndindən olan fermer Azər Lələyev uzun illərdir ki, taxılçılıqla məşğul olur. Fermer builki mövsümdə 250 hektar taxıl sahəsinin hər hektarından 35 sentner olmaqla, ümumilikdə, 880 ton məhsul götürüb.
Təsərrüfat rəhbəri bildirib ki, gələn ilin məhsulu üçün taxıl əkini sahələrini 50 hektar artıraraq 300 hektara çatdırmağı planlaşdırır. Fermer indiyədək 285 hektar sahəyə taxıl səpib və hazırda səpin davam etdirilir. O, gələn il taxıl sahəsindən 1200 tonadək məhsul götürməyi, hər hektarın məhsuldarlığını 5 sentner artıraraq 40 sentnerə çatdırmağı qarşısına məqsəd qoyub.
Zaqatalalı fermer, eyni zamanda, qarğıdalıçılıqla da məşğul olur. Fermer builki mövsümdə 15 hektar qarğıdalı sahəsindən 90 ton məhsul götürüb. Fermer növbəti ildə qarğıdalı əkini sahəsini 2 dəfə artıraraq 30 hektara çatdırmağı planlaşdırır.
Azər Lələyev kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişafına da öz töhfəsini verməyi düşünür. O, bu məqsədlə keçən il 4 hektar sahədə tinglik təsərrüfatı yaradıb. Hazırda təsərrüfatda 150 min ədəd fındıq tingi yetişdirilir. Fermer 2019-cu ildə bu tinglərlə 50 hektar sahədə yeni fındıq bağı salmağı planlaşdırır.