Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mayın 11-12-də Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada, ümumilikdə, 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.
Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 “Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.
Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.