İyunun 8-9-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Ümumilikdə 20-dək regiondan 40-dan çox fermerin yarmarkada iştirakı gözlənilir. Fermerlər müxtəlif bölgələrdən 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.
Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar. “Kənddən Şəhərə” yarmarkalarında məhsulunu satmaq istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.
Yarmarka 2 gün müddətində saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında fəaliyyət göstərəcək.