Cəlilabad rayonu ərazisində yerləşən "Günəşli” aqroparkında cins inəklərin sayı 1000 başa çatdırılıb. Aqropark fəaliyyətə başlayarkən burada 230 baş cins inək var idi.
FED.az xəbər verir ki, hazırda təsərrüfatda hər ay 300 ton süd, 24 ton ət istehsal olunur.
İstehsalı azaltmamaq, heyvanları qarşıdan gələn payız və qış mövsümündən sağlam və gümrah çıxarmaq üçün kompleksdə ciddi hazırlıq işləri görülür. Əlavə olaraq şirəli yem, silos və senaj saxlamaq üçün inşa edilən 2 anbarda tikinti işləri başa çatmaq üzrədir. Etibarlı yem bazası yaratmaq məqsədilə cari ildə aqropark üzrə 240 hektar sahədə buğda, 800 hektarda arpa yetişdirilib anbarlara yığılmışdır. Həmin məhsullar buradakı dəyirmanda üyüdülərək digər komponentlərlə qarışdırılıb qüvvəli yem kimi inəklərə verilir. Bunlarla bərabər, kompleksin 100 hektar yonca və 160 hektar qarğıdalı sahəsi də var. Oradan biçilən kütlə quyulara basdırılaraq soyuq aylarda silos və senaj kimi istifadə ediləcək.
2017-ci ildə yaradılan aqroparkda 50 nəfər işləyir.
"Azərbaycan"