Xaçmazın çiyələk sahələrində məhsul yetişib. Təsərrüfatçılar may ayının ikinci ongünlüyündən mövsümün ilk məhsulunu yığmağa başlayıblar.
Bu il Cəlilabadda çiyələk ilk dəfə olaraq yeni üsulla becərilib - İXRAC ARTIB
FED.az xəbər verir ki, hazırda 1 kiloqram çiyələyin sahədə topdansatış qiyməti 2,5 manatdır. Yerli sort çiyələyin yığımı cəmi 20-25 gün davam edəcək. Əldə olunan məhsul əsasən yerli bazarlara çıxarılır.
Təsərrüfatçı Fəxrəddin Həsənov bildirib ki, məhsuldarlıq ötən illərə nisbətən daha yaxşıdır. Çiyələyin satış qiyməti də onları razı salır.
“Bizim təsərrüfat rayonun Rəhimoba kəndində yerləşir. Yeni salınan meyvə bağlarının arasında qalan boş torpaqda çiyələk becəririk. Avqust ayında çiyələk şitillərini əkmişik. Artıq məhsul toplayırıq. Doqquz ay qulluq edir, 20 gün məhsul toplayırıq. Gəlirli sahədir. Həm də ən birinci yetişən məhsullardandır. Bizim müştərimiz məhsulu topdansatış qiymətə sahədən alır. Ötən il də, bu il də 2 manat 50 qəpikdən satmışıq. Bizim çiyələk açıq sahədə, həm də gübrəsiz yetişdiyi üçün dadlı olur. Həm yemək, həm də mürəbbə bişirmək üçün uyğundur ”, - deyə Fəxrəddin Həsənov söyləyib.
Xaçmazlı təsərrüfatçılar çiyələyin “Viktoriya” növünü becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi bu növün həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır. Yeni salınan çiyələk sahələrində damlama üsulu ilə suvarılır. Belə də həm suya qənaət olur, həm də yetişən çiyələklərin çürüməsinin qarşısı alınır.
“Yarım hektar sahədə çiyələk becəririk. Ümumilikdə, hər yığımda 100-150 kiloqrama yaxın çiyələk toplayırıq. Yerli sort çiyələyə tələbat çoxdur. Hər meyvəni öz mövsümündə yemək məsləhətdir”, - deyə təsərrüfatçı bildirib.
Xaçmaz rayonunda 100 hektardan çox çiyələk sahəsi var. Hər il bu sahələrdən 150 tondan çox məhsul toplanılır. (Azərtac)