İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Pilot Aqroparkında buğda biçininə başlanıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə aqroparka mediatur təşkil edilib.
Sahədə kilosu 20 qəpik, Bakıda bazarda 1 manatdır - FERMERLƏR NARAZILIQ EDİR: "XƏRCİMİZİ ÖDƏMİR"
FED.az xəbər verir ki, media nümayəndələri aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC-nin təsərrüfat sahəsində görülmüş işlərlə tanış olublar.
Bildirilib ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri 8 milyon manat olan “Fructus Aqropark” MMC tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib.
Cari ildə rezident tərəfindən 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb. Arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçin aparılmış sahənin hər hektarından 4 tondan çox arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq biçini aparılmış 150 hektar sahənin hər hektarından 4,5 tondan çox keyfiyyətli buğda əldə edilib. Eyni zamanda, əkin sahələrində yüksək məhsuldarlıqlı və keyfiyyətli məhsul əldə olunması, həmçinin suvarma suyuna qənaət edilməsi məqsədilə 722 ha sahədə qurulması nəzərdə tutulan müasir suvarma (yağışyağdırma) sistemləri ilə bağlı layihələndirmə işləri aparılıb. Hazırda ilkin olaraq 400 ha sahədə müasir suvarma sisteminin qurulması ilə bağlı danışıqlar aparılır.
“Fructus Aqropark” MMC tərəfindən Sabirabad Pilot Aqroparkda yerləşən təsərrüfat sahəsində 14 daimi, 20-dən çox mövsümi iş yeri yaradılıb.
Bundan başqa “Fructus Aqropark” MMC ilə Qazaxstanın “Green Groth” şirkəti arasında startap layihəsi çərçivəsində kombaynlarda ağıllı idarəetmə sensorları quraşdırılıb. Bu sensorların köməyi ilə əkin sahələrində məhsuldarlığı əvvəlcədən görmək mümkündür.
Qeyd edilib ki, Aqroparkın ərazisində “Fructus Aqropark” MMC tərəfindən Almaniyanın, Fransanın, Amerikanın ən müasir texnika və texnologiyalarından istifadə edilir.