Aqrar sığorta sisteminin təşkilatlanması, hüquqi bazası, əhatə dairəsi onu deməyə əsas verir ki, biz bu yolun başlanğıcındayıq.
FED.az xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri çərçivəsində keçirilən 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, sistemin nəticələri onu deməyə əsas verir ki, düzgün tətbiq olunur.
“Ölkəmizin 30 faiz əkinə yararlı əraziləri sığorta təminatındadır. Eyni zamanda, bitkiçilik sahəsi üzrə aqrar istehsalın 10 faizi hər il tərəfimizdən sığorta təminatına alınır. Bu gün ölkədə fəaliyyət göstərən həm istehsalçıların, investorların, həm də əkilən ərazilərin 98 faizi sığorta xidmətləri əldə etmək istəsə mümkündür. Əgər beş il əvvəl kimsə öz taxıl və ya qarğıdalı sahəsini sığortalamaqda çətinlik çəkirdisə, bu gün rahat formada, elektron qaydada müqavilə bağlaya bilərlər”, - deyə fondun sədri qeyd edib.
Fond rəsmisi qurumun qarşısında duran vəzifələrə də toxunub. Onun sözlərinə görə, bu sahədə müəyyən problemlər olsa da onun həlli istiqamətində tədbirlər görülməlidir: “Problemli məsələlərdən biri də ucqar ərazilərdə yaşayan fermerlərin, kənd əhalisinin hələ də sığorta sistemi ilə bağlı yetərli məlumatının olmamasıdır. Bu da bizi çətinliklə üz-üzə qoyur. Bunun üçün mütəmadi maarifləndirmə işləri aparır, regionlarda görüşlər keçiririk. Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən bir neçə dəfə silsilə tədbirlər keçirərək, fermerlərimizlə də ünsiyyətdə olmağa çalışırıq. Düşünürük ki, növbəti ortamüddətli bir planlama dövrünü artıq hazırlamışıq. Əsas hədəfimiz xidmətlərin əlçatanlığını, fermerlərimizin maliyyə dayanıqlığını, onların davamlı fəaliyyətini təmin etməkdir”.