Ötən il Zaqatalalılar fındıq becərməklə 73 milyon dollara yaxın pul əldə ediblər. FED.az xəbər verir ki, bu barədə fevralın 7-də Zaqatalada 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib. İclasda deyilib ki, 2017-də rayonda məhsul buraxılışı əvvəlki illə müqayisədə 41 faiz artaraq 149,5 milyon manat olub. Sənayedə məhsul buraxılışının 83 faizini fındıq və fındıq məhsullarının satışından əldə olunan gəlirlər təşkil edib. Ötən il Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub.
Fındıq ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 38,4 faiz artıb. 2017-ci ildə rayonun fındıq bağlarından 13 min 422 ton, yəni əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük olunub.
Gələcəkdə həm səhsulun həm də ondan əldə edilən vəsaitin artması gözlənilir. Çünki 2017-də rayon ərazisində 1732 hektar yeni fındıq bağı salınıb və bağların ümumi sahəsi 18 min 151 hektara çatdırılıb.
Rayona pul gətirən digər sahə tüünçülükdür. Belə ki, ötən il 743 hektar sahədə tütün əkilib, 891 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 363 ton artıb. 2017-ci ildə Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində respublikaya 12 milyon dollar və ya təqribən 20 milyon manat vəsait daxil olub. Tütün ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 67,6 faiz artıb.
Ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməsi üçün “AzRose” MMC-nin sifarişi ilə ötən il rayonun Aşağı Tala kəndi ərazisində qızılgül yağı istehsalı müəssisəsinin tikintisi aparılıb. Müəssisə tərəfindən həmin ərazidə 192 hektar sahədə gül plantasiyası salınıb.
Fındıq, tütün və gül yağından – MİLYON QAZANAN RAYON
19:06
7 Fev 2018