Sentyabrın 28-də Zaqatala rayonunda Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək.
FED.az xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.
Eləcə də bax: Oğuzda 300 hektarda yeni fındıq bağları salınacaq
Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova bildirib ki, tədbirdə ölkəmizdə fəaliyyət göstərən 10-dan artıq xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. Üçüncü dəfədir keçiriləcək festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada kənd həyatına aid bölmə, qərzəkli meyvələrin satış-yarmarkası fəaliyyət göstərəcək, sənətkarların əl işləri və milli mətbəx nümunələri sərgilənəcək. Müxtəlif müsabiqələrin - ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.
Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdiriləcək.
Sonda Heydər Parkında geniş konsert proqramı olacaq.
Azərtac