Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edərək faydalanan fermerlərin sayı artmaqdadır.
Başqa şəxslərin təsərrüfata vurduğu zərəri də Aqrar Sığorta Fondu qarşılayır
Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb
FED.az xəbər verir ki, bu, Aqrar Sığorta Fondunun yaydığı məlumatda deyilir.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 2 milyon 864 min manat sığorta ödənişi edilib.
Sığorta ödənişlərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib.
2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2,5 dəfə, o cümlədən əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 43% artıb.
Ötən ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 1 milyon 147 min manat sığorta ödənişi edilmişdi.
2024-cü ilin 2-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (asf.gov.az) əldə etmək olar.