Respublikamızda kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi həm də daha keyfiyyətli və məhsuldar, o cümlədən xarici stress amillərinə qarşı daha davamlı sortların yaradılması işindən asılıdır. İndi respublika seleksiyaçıları qarşısında duran əsas məsələ Azərbaycanın yerli iqlim şəraitinə uyğunlaşdırılmış və xaricdən gətirilmiş pambıq sortları ilə rəqabətə dözümlü yeni sortlar əldə etmək və fermerlərin öz təsərrüfatlarında maya dəyəri ucuz, lakin daha məhsuldar yerli pambıq sortlarının toxumlarından istifadəsinə şərait yaratmaqdır.
FED.az xəbər verir ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutun Texniki bitkilərin seleksiyası şöbəsinin müdiri, Aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Tağıyev müsahibəsində bildirib ki, institutun seleksiyaçıları tərəfindən son 15 ildə 11 yeni pambıq sortu yaradılıb.
Bu sortlar içərisində isə “Gəncə - 160”, “Gəncə - 182” və “Gəncə - 183” xarici stress amillərinə qarşı daha davamlı və məhsuldar sortlar hesab edilir. 2018-ci ildə Seleksiyanın nailiyyətləri üzrə ekspert komissiyası tərəfindən “Gəncə - 182” pambıq sortunun respublika üzrə rayonlaşdırılması qərara alınıb. Yeni sortun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, bu, ölkə üzrə ən tez yetişən pambıq sortudur. “Gəncə - 182” pambıq sortunun yetişmə müddəti 115 gündür. Pambığın yığılmasına avqust ayının sonlarından başlanır və sentyabrın sonu, oktyabrın birinci ongünlüyündə isə yığım sahələrdə başa çatdırılır. Bu da fermerlərin növbəti əkin işlərinə başlamasına və mövsüm ərzində daha çox gəlir əldə etməsinə imkan verir.
“Gəncə - 182” pambıq sortunun lif keyfiyyəti də yüksəkdir. Pambıqdan 200-dən çox məhsul alınsa da, onun əsas məhsulu mahlıc hesab olunur. Məhz “Gəncə - 182” pambıq sortunun lif keyfiyyəti toxuculuq sənayesinin tələblərinə cavab verir. Məhsulun lif çıxımı da yüksəkdir - 40 faiz. Pambığın qozaları iri – 6,5 qram ağırlığındadır. Aqrar Xidmətlər Agentliyinin Salyan Dayaq Məntəqəsində “Gəncə - 182” sortunun məhsuldarlığı bir hektara 58 sentner olub. Hazırda respublikada pambığın toxumçuluq işi qurulub. Belə ki, Gəncə Regional Aqrar Elm Mərkəzində “Gəncə - 182”nin toxumları istehsal olunub və elit toxumçuluq təsərrüfatlarına paylanıb. İndi bir çox fermerlər öz təsərrüfatlarında məhz bu sortdan istifadəyə üstünlük verirlər.
Ələddin Tağıyev bildirib ki, bu il isə Seleksiyanın nailiyyətləri üzrə ekspert komissiyası tərəfindən daha bir yeni pambıq sortu – “Gəncə -183” rayonlaşdırılıb. Bu sortun isə əsas xüsusiyyəti ondan ibarətdir ki, o, yüksək lif çıxımına malikdir. “Gəncə - 183” yerli seleksiyaçılar tərəfindən alınmış yeganə sortdur ki, 42,1 sentner məhsul verir və Yunanıstan, İsrail, Türkiyə kimi ölkələrdən gətirilmiş sortlarla rəqabət apara bilir. Məhsulun qozası iri, lif çıxımı isə yüksəkdir. Bu sortun məhsuldarlığı Salyan Dayaq Məntəqəsində 50 sentner olub.
Ümumilikdə həm “Gəncə - 182”, həm də “Gəncə - 183” yeni pambıq sortları xarici mühitin stress amillərinə qarşı davamlıdırlar.
İnstitutda seleksiyaçılar tərəfindən yaradılmış daha bir sortun keyfiyyətindən danışan alim deyib ki, bu sortlar arasında “Gəncə - 160” quraqlığa daha davamlıdır. Bitkini vegetasiya dövründə iki dəfə suvarmaqla hər hektardan 45-50 sentner məhsul almaq olar.
Öz təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq istəyən hər bir fermer bu sortların toxumu üçün instituta müraciət edə bilər.
"azərtac"