Son günlərdə ölkə ərazisindəki qeyri-sabit və dəyişkən hava şəraiti ilə əlaqədar olaraq təsərrüfat sahibləri xeyli miqdarda zərərlə üzləşmişdir.
Eləcə də bax: Aqrar Sığortadan fermerlərə müraciət: «Ödəniş biçindən sonra veriləcək»
Aqrar Sığorta Fondundan FED.az-a daxil olmuş məlumata görə, məxsusən geridə qoyduğumuz günlərdə respublikanın Şəki-Zaqatala, Dağlıq Şirvan, Aran, Qarabağ, Lənkəran-Astara və digər bölgələrində baş vermiş dolu, fırtına, sel və ya subasma, həmçinin də üçüncü şəxslərin hərəkətləri nəticəsində əkin sahələrinə çox ciddi ziyan dəymişdir.
Aparılan ilkin qiymətləndirməyə əsasən sığortalanmış əkin sahələri 278 milyon manat məbləğində risk daşıyır.
"Qeyd etmək gərəklidir ki, sığorta təminatı verilmiş təsərrüfat sahələrinin 30 min hektarı qismən və ya tamamilə zərərə uğramışdır. Məhz son dövrlərdə baş vermiş təbii fəlakətlər nəticəsində ziyan dəymiş əkin sahələrinindəki zərər miqdarının ən qısa zamanda qiymətləndirilməsi və ödənişlərin həyata keçirilməsi üçün Aqrar Sığorta Fondu bütün imkanları ilə səfərbər olmuşdur. Belə ki, bu prosesinin sürətləndirilməsi üçün görüləcək müvafiq işlərə dəstək və təcrübə mübadiləsi məqsədilə qardaş ölkə - Türkiyə Respublikasından bu sahədə olduqca peşəkar 10 müstəqil ekspert də cəlb edilmişdir",- məlumatda deyilir.
Dəymiş ziyanın vaxtında qiymətləndirilməsi və üzləşilən zərərlərin qarşılanması üçün aqrar sığortalıların məhsul yığımı və ya biçin tarixindən öncə ən qısa zamanda baş vermiş hadisə barəsində Aqrar Sığorta Fondunun çağrı mərkəzinə, yəni 1651 qaynar xəttinə məlumat verməsi tələb olunur.