Aprelin sonundan mayın 7-dək olan, ölkədə hava şəraitin də qeyri sabit keçdiyi dövrdə aqrar sığorta üçün müraciətlər artıb.
FED.az xəbər verir ki, 27 aprel 7 may tarixlərində aqrar sektorda çalışan fiziki və hüquqi şəxslər tərəfindən Aqrar Sığorta Fonduna 150-dən artıq müraciət daxil olub.
Müraciətlər ölkənin əksər bölgələrindən müxtəlif səbəblərlə bağlıdır.
Belə ki, ən çox müraciət, bütün müraciətlərin yarıdan çoxu Şəki rayonundan daxil olub. Bu bölgədən edilən 76 müraciət dolu, külək, 3-cü şəxslərin hərəkəti, quraqlıq və zərərvericilərin hücumu nəticəsində təsərrüfata dəyən zərərlə bağlıdır.
Goranboydan quraqlıq və dolu ilə bağlı Aqrar Sığorta Fonduna 13 müraciət daxil olub.
Füzulidən daxil olan 11 müraciət isə quraqlıq, üçüncü şəxslərin hərəkəti, bitkilərin inkişafdan qalması və ziyanverici həşəratların hücumu ilə bağlı olub.
Son həftələr havaların kəskin pisləşdiyi, yağışların zərər vurduğu Cəlilabaddan da aqrar sığorta müraciətləri artıb. Bu rayondan olan fermerlərin fonda müraciəti əsasən yağışlar, dolu düşməsi, külək, sel-subasma, bitki xəstəlikləri ilə bağlı olub.
Müraciətlərin çox olduğu daha bir rayon Şamaxıdır. Buradan daxil olan 6 müraciət quraqlıq və dolu ilə bağlıdır.
İşğaldan yeni azad edilmiş ərazilərdə də sığorta müraciətləri başlayıb – Zəngilanda yerləşən təsərrüfatdan təsərrüfatı dolu vurması barədə Aqrar Sığorta Fonduna müraciət daxil olub.
İmişli və Kürdəmirdən vəhşi heyvanların təsərrüfata hücumu ilə bağlı müraciətlər daxil olub.
3 rayondan – Qusar, Xaçmaz və Şəmkirdən isə təsərrüfatı şaxta vurması üzrə müraciət edilib.
Ümumilikdə müraciətlər Ağcabədi, Ağdaş, Ağsu, Bərdə, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Neftçala, Oğuz, Qax, Qobustan, Qubadlı, Qusar, Salyan, Şamaxı, Samux, Şəki, Şəmkir, Tərtər, Xaçmaz, Zəngilan rayonlarından daxil olub.