Xaçmazlı təsərrüfatçılar xurma bağlarında məhsul yığımına başlayıblar.
Taxıl sahələri üçün əkin subsidiyaları aqrar sığorta - ŞƏRTİ İLƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bağlardan toplanan məhsulun böyük hissəsi qablaşdırılaraq soyuducu anbarlara yığılır. Rayonda yetişdirilən xurmanın 80-90 faizi satış üçün Rusiya bazarına göndərilir.
Xaçmaz rayonunun Susayqışlaq kəndindən olan təsərrüfatçı Ağadadaş Dadaşovun bir hektar xurma bağı var. Həmin bağdan hər il 12-15 ton məhsul toplayır.
“Məhsuldarlıq yaxşıdır. Hər ağacdan 40-50 kiloqram xurma toplayırıq. Bizdə xurmanın şişburun sortudur. Müştəri sarıdan da problem yoxdur. Xurmanın kiloqramını elə bağdan 40-50 qəpiyə alırlar”, - deyə o söyləyib.
Təsərrüfatçılar bildirir ki, xurma az qulluq tələb edən meyvədir. Şimal bölgəsində son 30 ildə əkilməyə başlayıb. Subtropik bitki olduğu üçün soyuğa davamlı deyil. Meyvə yığılmamış qar yağsa və ya şaxtalı hava olsa, məhsul zay ola bilər. Ona görə də, xurma bağlarından meyvə yığımını mümkün qədər tez yekunlaşdırmaq lazımdır. Xaçmazda məhsulun toplanması noyabr ayının ilk ongünlüyündə başa çatır.
Xaçmaz rayonunda 1100 hektardan çox xurma bağı var. Xaçmazlı təsərrüfatçılar hər il 10 min tona yaxın məhsul əldə edirlər.