Payızlıq əkinlərə görə subsidiya almaq üstəyən fermerlərin öz torpaq və əkin məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməsi prosesi davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, bəyan prosesinin sürətləndiriməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə məlumatlandırma sessiyaları keçirilir, səyyar xidmətlər təşkil olunur, fermerlər arasında maarifləndirmə işləri aparılır.
İndiyədək nazirlik tərəfindən 30-dan artıq rayonda məlumatlandırma sessiyaları keçirilib. Növbəti sessiya Şəmkir, Samux və Göygöl rayonlarında baş tutub. Tədbirlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev bildirib ki, ötən dövr ərzində aqrar sahəyə subsidiyaların verilməsində çoxsaylı dəyişikliklər tətbiq olunub. Bu dəyişikliklər ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə, məhsuldarlığın artmasına, fermerlərin rifah halının yaxılaşdırılmasına yönəlib. Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsi bu sahədə şəffaflığı tam təmin edir, aqrar fəaliyyətə dair məlumatlar bazasının formalaşmasına köməklik göstərir.
Qeyd olunub ki, vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək.
Görüşlərdə iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Bölgələrdə məlumatlandırma sessiyaları davam edir. Növbəti sessiya Neftçala və Salyan rayonlarında keçiriləcək.