Aprelin 23-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Aqrar İnkişaf Komissiyası”nın iclası keçirilib.
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəlin sədrliyi ilə keçilirən iclasda pandemiya dövründə sahibkarların, xüsusən də kənd yerlərində yaşayan, aqrar sektorda fəaliyyət göstərən sahibkarların üzləşdikləri çətinliklər və onların aradan qaldırılması yolları, kənd təsərrüfatının ümumi problemləri müzakirə edilib.
Müzakirələrdə ASK-nın prezidenti Məmməd Musayev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) idarə heyətinin sədri Mirzə Əliyev də iştirak edib.
Sahibkarlar pandemiyanın biznesə təsirləri, su çatışmazlığının əkin sahələrində ciddi çətinliklər yaratdığı, kənd təsərrüfatı sektorunda işlədilən texniki avadanlıqlar üçün ehtiyat hissələrinin çatışmazlığı, heyvan yemi ilə bağlı müəyyən çətinliklər barədə məlumat veriblər.
Mövcud kredit borclarının restruktruzasiya olunması, faizlərin ödənilməsi vaxtının uzadılması, emal dərinliyinin artırılması istiqamətində gömrük tariflərində bəzi dəyişikliklərin edilməsi təklif olunub.
Komissiyanın sədri A.Gözəl hazırda qida məhsulları sektorunun dünyada strateji əhəmiyyət daşıdığını söyləyib: “Qida məhsulları ilə özünütəminata nail olmaq mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, müvəqqəti pompalar qurmaqla Kürdən suyun kanallara vurulması mümkündür”.
Komissiya üzvü Əlibala Əlizadə torpaq sahələrinin münbitliyinin bərpa edilməsi üçün hazırlanan proqram barədə iştirakçılara geniş məlumat verib. Onun sözlərinə görə, bu proqram yüksək məhsuldarlıq əldə etmək üçün orqanik gübrələrdən istifadə edilməsini nəzərdə tutur.
AKİA-nın idarə heyətinin sədri M.Əliyev deyib ki, heyvan yemi xammalı bazasının formalaşdırılması üçün hökumətə təkliflər təqdim edilib. Ehtiyat hissələri ilə bağlı yaranan çətinliklərin karantin dövrü ilə əlaqə olduğunu vurğulayan M.Əliyev su çatışmazlığı və digər məsələlərin həlli istiqamətində nazirliyin sahibkarların yanında olduğunu, lazımi dəstək göstəriləcəyini söyləyib.
İclası yekunlaşdıran ASK prezidenti Məmməd Musayev xatırladıb ki, hökumət koronavirus pandemiyasından əziyyət çəkən sahibkarlıq sahələrinə geniş güzəştlər və maddi dəstək paketini təqdim edib.