Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasındakı yoxlamalarla bağlı açıqlama yayıb. Açıqlamada laboratoriyaya təqdim olunmuş pasterizə edilmiş ulaq südündə insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edildiyi bildirilib.
Agentlik sözügedən təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması ilə bağlı xəbərdarlıq edildiyini bildirsə də, ferma əməkdaşı Xəyal Cəlalov analizlərin cavablarının onlara təqdim olunmadığını və bu barədə mediadan məlumat aldığını söyləyib:
“Biz də bu haqda məlumatı internetdən öyrənmişik. Bu günə kimi bizə agentlik tərəfindən heç nə deyilməyib, məktub göndərilməyib və ya hər hansı bir məsləhət almamışıq. Siz bizdən tez bilmisiz. Əgər doğrudan da bakteriya varsa, aradan qaldırılacaq. Qurum bizdən problemlərin aradan qaldırılaraq yenidən analiz verilməsini istəyir. Biz bunu etməyə hazırıq. Özümüz də başqa laboratoriyalar vasitəsilə araşdıracağıq.
Biz işimizdə israrlıyıq, işimiz təmizdir. Düz yolda olduğumuzu bilirik. Hansı prosedurlardan keçmək lazımdırsa, biz hazırıq. Agentlikdən müsbət cavab alana kimi işimizi davam etdirəcəyik”.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsur Priyev “Qafqazinfo”ya bildirib ki, mətbuatla yanaşı fermaya da cavablar göndərilib”.